“Liverpul”un sahibləri La Liqa klubunu alır: “Real”ın köməkliyi ilə
Hazırda İngiltərənin “Liverpul” klubunun sahibi olan ABŞ-yə məxsus “Fenway Sports Group” (FSG) konsorsiumu İspaniya bazarına daxil olmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, FSG “Xetafe”ni almağı planlaşdırır. Bu barədə AS məlumat yayıb.
FSG prezidenti Con Henri artıq “Xetafe”nin prezidenti Anxel Torreslə bir neçə danışıqlar aparıb. Görüşlərdə gələcək müqavilənin potensial detalları müzakirə olunub. Amerikalı biznesmenlər hesab edirlər ki, İspaniyada investisiya üçün ən ideal variant məhz bu klubdur.
Hazırda tərəflər maliyyə detallarını açıqlamamağı qərara alıblar və lazımi sənədlərin rəsmiləşdirilməsi üzərində işləyirlər. Prezident Torres isə jurnalistlərə bildirib ki, stadionun yenidənqurma məsələsini həll etdikdən sonra postunu tərk edəcək.
Məlumata görə, danışıqlarda Madridin digər təmsilçisi “Real”ın baş direktoru Xose Anxel Sançes əsas rol oynayıb. Onun FSG və şəxsən Con Henri ilə dostluq münasibətləri var və o, amerikalılara “Xetafe”yə diqqət yetirməyi məsləhət görüb, klubu perspektivli layihə kimi dəyərləndirib.
