Ukrayna tələb edir: Bu ruslar orada olmamalıdır
Ukrayna Kanoe Federasiyası Ukrayna MOK və Gənclər və İdman Nazirliyi ilə birlikdə Beynəlxalq Olimpiya Komitəsinə və Beynəlxalq Federasiyaya müraciət edərək rusiyalı idmançıların 2025-ci ildə Avstraliyanın Penrit şəhərində keçiriləcək kanoe-slalom üzrə dünya çempionatında iştirakının qarşısını almaq üçün müraciət edib.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu müraciətə səbəb Beynəlxalq Kanoe Federasiyasının Rusiya hökumətinin təbliğat fəaliyyətində iştirak etmiş və ya Rusiya təhlükəsizlik qüvvələrinə mənsub olan bir sıra rusiyalı idmançıların dünya çempionatına buraxılması ilə bağlı qərarı olub.
Söhbət bu idmançılardan gedir:
Rusiya xarici işlər naziri Sergey Lavrov və Başqırdıstan Respublikasının (Rusiya) rəhbəri Radiy Xabirovla birgə ictimai tədbirlərdə iştirak edən Alsu Minazova. Hər ikisi Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiklərinə görə beynəlxalq sanksiyalar altındadır. O, həmçinin diktator Putinə dəstəyini açıq nümayiş etdirib.
CSKA idman klubunun üzvləri Pavel Kotov və Aleksandr Xarlamtsevin Rusiya ordusu və Ukraynaya hərbi təcavüzlə birbaşa əlaqəsi var.
“Bu, BOK-un 28 mart 2023-cü il tarixli tövsiyəsini pozur: hərbçilərlə əlaqəsi olan və ya təcavüzü açıq şəkildə dəstəkləyən idmançılara neytral status verilə bilməz”, – Federasiyanın bəyanatında deyilir.
Aut.az
