Boks

Əfsanə Tayson və Meyvezeri tənqid etdi: Bu, tam pantomimadır

Britaniyalı super ağır çəkili boksçu Freyzer Klark əfsanələr – Mayk Tayson və Floyd Meyvezer arasında keçiriləcək döyüş barədə fikirlərini bildirib.

Aut.az xəbər verir ki, onun sözlərini “Talksport” yayıb.

“Mən bu xəbəri görəndə güldüm. Düzünü desəm, bunun zarafat olduğunu düşünmüşdüm. Əgər bu qarşılaşmanı digər sərgi döyüşləri ilə müqayisə etsək, deməli, bizi demək olar ki, bir pantomima gözləyir. Bu, hər kəsin örnək götürdüyü iki əfsanədir, amma onların bu görüşdən tonla puldan başqa nə qazanacağı var? Bu, tam pantomimadır. Hətta bunu döyüş adlandırmaq olmaz”, – deyə Klark bildirib.

Floyd Meyvezer karyerasını 2015-ci ildə Andre Berto üzərində qələbə ilə başa vurub, lakin 2017-ci ildə Konor Makqreqora qarşı boks qaydaları ilə keçirilən döyüş üçün rinqə qayıdıb. Meyvezer həmin qarşılaşmada 280 milyon dollar qazanıb və irlandiyalı rəqibini 10-cu raundda nokaut edib.

Mayk Tayson isə 2005-ci ildən etibarən peşəkar səviyyədə döyüşmür. O, 58 döyüş keçirib, 50 qələbə qazanıb, 6 dəfə məğlub olub, daha iki qarşılaşma isə nəticəsiz qalıb.

2020-ci ilin noyabrında Tayson Roy Cons ilə sərgi döyüşünə çıxıb. Səkkiz raund davam edən qarşılaşma heç-heçə ilə başa çatıb. 2024-cü ilin noyabrında isə 30 yaş gənc amerikalı bloqer və boksçu Ceyk Pola məğlub olub.

Aut.az