Məhkəmə basketbolçunun qatili ilə bağlı qərar verdi
ABŞ-ın Orinc dairəsi məhkəməsi 2022-ci ilin mayında keçmiş NBA oyunçusu, 31 yaşlı Edrian Peyni qətlə yetirən Lourens Doritini ömürlük həbs cəzasına məhkum edib.
Aut.az xəbər verir ki, o, şərti azadlığa buraxılmaq hüququndan məhrum edilib. Bu barədə “Clutch Points” məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin mayında hadisə yerinə çatan polis əməkdaşları Peyni avtomobilin içində hərəkətsiz halda tapmışdı. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmamışdı. Doriti hadisə yerində saxlanılmış, daha sonra ikinci dərəcəli qətldə ittiham olunmuşdu.
Məhkəmə prosesində Doriti özünü təqsirli bilməmiş və guya özünümüdafiə məqsədilə hərəkət etdiyini iddia etmişdi. Lakin istintaq müəyyənləşdirib ki, hadisə zamanı Peyn silahsız olub. Məhkəmə heyəti bu iddianı rədd edərək onu təqsirli bilib.
Qeyd edək ki, Edrian Peyn NBA-da beş mövsüm çıxış edib və karyerası ərzində “Minnesota Timbervulves” və “Orlando Mecik” klublarının da formasını geyinib.
