İsrail yığması narahatdır: İnsident yaşana bilər
İsrailin basketbol yığması bəzi matçları Polşada keçiriləcək 2025-ci il Avropa çempionatı zamanı təhlükəsizliyindən narahatdır.
Aut.az xəbər verir ki, “İsraelhayom”da dərc olunan məqalədə deyilir: “Oyunçulara İsrail simvollarını gizlətmək və mümkün olduqca ictimaiyyət arasında diqqəti özlərinə cəlb etməkdən çəkinmək tapşırılıb. Komanda diqqətini basketbola yönəltməyə ümid etsə də, reallıq budur ki, meydandan kənar təhlükəsizlik tədbirləri onların meydançadakı performansı qədər əhəmiyyətli ola bilər. İsrailin Baş Təhlükəsizlik Xidməti və İnterpol oyunçuların təhlükəsizliyini təmin etmək üçün çalışır”.
10 gün əvvəl futbol matçı zamanı gərginlik yaşanmışdı. “Makkabi” Macarıstanın Debretsen şəhərində UEFA Konfrans Liqasının seçmə mərhələsi çərçivəsində Polşanın “Rakov” klubu ilə qarşılaşıb. Oyun zamanı israilli azarkeşlər nasist Almaniyasının Polşaya hücumuna istinad edən “1939-cu ildən bəri qatillər” yazılmış pankart açdılar. Bu hadisə Polşa prezidenti Karol Navrotski tərəfindən qınandı və o, bu jesti sözlə ifadə edilə bilməyəcək dərəcədə axmaqlıq adlandırdı.
Basketbol üzrə Avropa çempionatı dörd ölkədə: Kipr, Finlandiya, Polşa və Latviyada avqustun 27-dən sentyabrın 14-dək keçiriləcək.
Aut.az
