Basketbol

Qadınların liqasında üsyan: Maaşları niyə artmır?

WNBA rəhbərliyi ilə liqa oyunçularının həmkarlar ittifaqı (WNBPA) arasında aparılan növbəti danışıqlar uğursuz alınıb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Yeni kollektiv müqavilə ilə bağlı danışıqlarda WNBA minimum maaşın 400% artırılmasını təklif edib. Belə ki, bir mövsüm üçün oyunçular artıq 66,6 min dollar deyil, 250 min dollar qazana bilərdilər. Liqa həmçinin maksimum maaş həddini 1 milyon dollara qaldırmağa hazır idi. Lakin WNBPA bu təklifi rədd edib.

“Biz həmkarlar ittifaqımızın üzvlərinin maraqlarına diqqət yetirməliyik. Təklif alınsa da, bu, bizə sillə kimi göründü. Əsas diqqət hazırkı basketbolçulara yönəlməlidir. Bəli, liqanın genişlənməsi artıq reallıqdır, amma hazırkı komandaların oyunçularına da investisiya qoyulmalıdır”, – deyə “Finiкс Merquri”nin forvardı Satu Saballi bildirib.

Basketbolçuların fikrincə, maaşların artırılması mühüm olsa da, struktur dəyişikliklərinin olmaması əsas problemdir. Onlar liqanın artan gəlirlərindən ədalətli pay almaq istəyirlər. İdmançılar hesab edirlər ki, təklif yalnız maaşların artırılmasını təmin edir, lakin gəlir bölgüsü əvvəlki kimi aşağı səviyyədə qalır.

Mövcud kollektiv müqavilənin müddəti 2025-ci il mövsümünün sonunda başa çatır. WNBPA isə maaş artımlarının yanında daha geniş islahatlar tələb edir. Bunlara gəlirlərin ədalətli bölgüsü, səfər şərtlərinin yaxşılaşdırılması, hamiləlik və doğuş zamanı dəstək, həmçinin komanda heyətlərinin genişləndirilməsi daxildir.

Basketbolçular “Bizə borclu olduğunuz pulu ödəyin” adlı kampaniyaya da start veriblər. Bu təşəbbüs liqanın gəlirlərinin sürətlə artması ilə oyunçuların kompensasiyasının durğun qalması arasındakı fərqi qabardır.