Virts Almaniyada ən yaxşı seçildi
“Liverpul”un yarımmüdafiəçisi, bu yay Leverkuzen “Bayer”indən transfer olunan Floryan Virts Almaniyada ilin futbolçusu seçilib.
Aut.az xəbər verir ki, bu seçim hər il “Kicker” nəşri tərəfindən idman jurnalistləri arasında keçirilən sorğu əsasında müəyyənləşdirilir. Sorğuda Almaniya pasportuna sahib oyunçular və ya Bundesliqada çıxış edən istənilən millətdən futbolçular iştirak edə bilir.
Nəticələrə görə, Virts 191 səs toplayaraq birinci olub. “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise 81 səslə ikinci, “Ştutqart”ın hücumçusu Nik Voltemade isə 71 səslə üçüncü yeri tutub.
Ötən mövsüm 22 yaşlı Virts bütün turnirlərdə 45 oyuna çıxaraq 16 qol vurub və 15 qol ötürməsi edib.
Qeyd edək ki, ötən il Virts bu nominasiyada ikinci yeri tutmuş, qalib isə Toni Kroos olmuşdu.
Aut.az
