İngiltərə

Premyer Liqa “Nyukasl”a sıxışdırır? – Biz nəzarət altındayıq

“Nyukasl”ın baş məşqçisi Edii Hau hesab edir ki, klubun transfer fəaliyyəti Premyer Liqanın maliyyə qaydalarına görə ciddi şəkildə məhdudlaşdırılıb.

Aut.az xəbər verir ki, 47 yaşlı ingilis mütəxəssi bunu “Sky Sports”a açıqlamasında deyib.

Çempionlar Liqasının növbəti mövsümünə vəsiqə qazanan “sağsağanlar” heyəti xeyli gücləndirməyi planlaşdırırdı. Lakin reallıq sərt oldu. Transfer hədəflərinin demək olar ki, hamısını rəqiblər ələ keçirdi.

Hauya görə, Premyer Liqanın Gəlir və Davamlı İnkişaf Qaydaları (PSR) “Nyukasl”ın transfer bazarında rəqabət imkanlarını məhdudlaşdırır:

“Biz PSR tərəfindən nəzarət altındayıq. Bu hələ də edə biləcəyimiz işləri məhdudlaşdırır və bu, reallıqdır. Dəfələrlə demişəm ki, liqada ən çox xərcləyən klub deyilik. Bundan çox uzağıq və bu, bəzən oyunçu seçimimizə təsir edir.

Elə oyunçu yoxdur ki, buraya gəlib ‘Nyukasl’ın verə biləcəyi təcrübədən faydalanmasın. Bu azarkeşlərin qarşısında oynamaq tam bir imtiyaz və şərəfdir. Bura olmaq üçün xüsusi bir yerdir. Amma bəzi oyunçuların başqa seçimləri olur. Burada maliyyə də rol oynayır”.

Xatırladaq ki, transfer pəncərəsi boyu Benyamin Şeşkonun adı “Nyukasl”la hallanırdı, amma sloveniyalı hücumçu “Mançester Yunayted”i seçib. O, “ağ-qaralar”ın transfer edə bilmədiyi səkkizinci futbolçu olub. Şeşkodan başqa yeddi futbolçu da digər Premyer Liqa klubları ilə müqavilə bağlayib.

Aut.az