Basketbol

Ağır xəstəliyindən danışdı: Bu sözü eşidəndə ağlıma dərhal ölüm gəldi

İtaliya millisinin və “Virtus” klubunun forvardı Akille Polonara həyatının ən çətin dövrünü yaşayır.

Aut.az xəbər verir ki, 33 yaşlı basketbolçu bu ilin iyununda ona kəskin mieloid leykoz diaqnozu qoyulduğunu açıqlayıb. Bunu isə final seriyasında – “Milan”a qarşı keçirilən üçüncü oyundan əvvəl öyrənib. Polonara bu barədə “La Gazzetta dello Sport”a danışıb:

“İki il xərçənglə mübarizədən sonra dünyam bir anda dağıldı. Öz-özümə sual verdim: ‘Niyə mən? Səhv nə etmişəm?’ Əvvəlki xəstəlik bununla müqayisədə heç nəymiş. Leykemiya sözünü eşidəndə ağlıma dərhal ölüm gəldi. Bu, dəhşətli idi”.

O, xəstəliyi ilk dəfə yüksək hərarət səbəbilə testlərdən keçəndən sonra öyrənib: “Hər şey 3-cü oyun ərəfəsində başladı. Səhər müntəzəm KT və analizlərdən keçdim, amma gecə oteldə temperaturum 38.1-ə qalxdı. Komandanın həkimini çağırdım. Ertəsi gün Bolonyaya qayıtdıq, əvvəl mononukleozdan şübhələndilər. Amma sonda məlum oldu ki, leykozam”.

Polonara 2023/24 mövsümündə xaya xərçənginə qalib gəlmişdi. İndi isə növbəti mübarizə onu gözləyir. Milliyə kömək edə bilməyəcək, amma dəstəyini əsirgəməyəcəyini deyir:

“Bu yay meydanda olmayacağam, amma İtaliya yığmasının bir nömrəli azarkeşi olacağam. Əgər onlar uğur qazansalar, bu, mənə də mübarizədə əlavə güc verəcək”.

O, komanda yoldaşlarının mənəvi dəstəyindən də danışıb: “Gündəlik əlaqədəyik. Danilo Qallinari ilə danışdım, Stefano Tonutla söhbət etdim. Marko Spissu mənim üçün qardaş kimidir. Baş məşqçi Canmarko Pozzeko hər gün mənə yazır, heç vaxt dəstəyini əsirgəmir”.

Qeyd edək ki, hazırda İtaliya millisinin heyətinə NBA-də çıxış edən Donte DiVinçenzo da qatılıb. Müdafiəçi İtaliya pasportu alaraq AvroBasket-2025-də oynamaq hüququ qazanıb.

Aut.az