Azərbaycan futbolu

Berezutski: “Bu elə bir oyundur ki, mübarizə aparmalısan, döyüşməlisən”

“Sabah” Azərbaycan Kubokunun final matçında “Qarabağ”la üz-üzə gələcək.

Aut.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. “Sabah” ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq.

– Heyətdə hansısa problemlər var?

– Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır.

– Uğursuz nəticə olacağı təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?

– Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir.

– Kubokun finalında uğursuz olsaz, komandadan gedəcəksiz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyəcəksiz?

– Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə.

– Dəfələrlə futbolçu kimi Rusiya kubokunun finalında oynamısız. Final oyununun özəlliyini nədə görürsüz?

– Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.

– “Sabah”a gəldikdən sonra “Qarabağ”a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiz?

– Bunu üstünlük və ya zəiflik hesab etmək olar. “Qarabağ” da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir. “Qarabağ” favorit sayılır. Güllə açılmamış yıxılmaq lazım deyil.

– Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, “Qarabağ”ı necə məğlub etmək barədə onunla heç söhbətiniz olub?

– Deyə bilərəm ki, yox. Amma ümumi anlar var ki, məşqçilər olaraq aramızda müzakirə edirik. Fərdi olaraq bir şey yoxdur ki, məhz bununla rəqibə qalib gələ bilərik.

– “Qarabağ”a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsız?

– Oyuna iki gün qalıb. Oyunla yaşayırıq. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik.