Mənim şəxsi vaxtımdır: Ferstappen “Formula 1” filminə baxmaq istəmədi
“Red Bull” pilotu Maks Ferstappen Formula 1 filminin premyerasını niyə baxmadığını aydınlaşdırıb.
Aut.az xəbər verir ki, 27 yaşlı niderlandlının sözlərini “Motorsport” sitat gətirib.
Mayın 21-də Monte-Karloda pilotlar və komanda rəhbərləri Bred Pitin baş rolda çəkildiyi filmin premyerasına gediblər. Lakin Ferstappen orada olmayıb.
Pərəstişkarları filmin nümayişi zamanı dördqat dünya çempionunun “Twitch”də yayımda olduğunu görüblər. Daha sonra o, həmkarlarına qoşulmamaq qərarına niyə gəldiyini izah edib.
“Mən FOM-a (Formula 1 Management) əvvəlcədən demişdim ki, həmin gecə orada olmayacağam. Onlar bunu bilirdilər.
Sadəcə evdə daha çox vaxt keçirmək istəyirdim. Bu, məcburi tədbir deyildi və şəxsi boş vaxtımda baş verdi. Və bu şəxsi vaxtımı evdə keçirməyi üstün tuturam.
Məncə, belə günlərdə evdə daha çox vaxt keçirmək istəyi tamamilə normaldır. İndi ailə böyüdüyünə görə mən mütləq evdə daha çox vaxt keçirməyə üstünlük verirəm”, – Ferstappen bildirib.
Xatırladaq ki, mayın əvvəlində Maks Ferstappen ilk dəfə ata olub.
Aut.az
