Çempionluğa 3 namizəd var: Prezident kubokla bu şəhərlərin kəsişməsində gözləyəcək – FOTO
Xorvatiyanın üç klubu son tur ərəfəsində qızıl medal uğrunda mübarizə aparır.
Aut.az xəbər verir ki, mayın 25-də keçiriləcək 36-cı tur öncəsi “Riyeka” və “Dinamo” hərəyə 62 xalla birinci və ikinci, “Hayduk” isə 60 xalla üçüncü yeri bölüşür.
Son turda Zaqreb klubu öz meydanında 4-cü yerdə qərarlaşan “Varazdin”lə, “Riyeka” 5-ci yerdə olan “Slaven”lə , “Hayduk” isə səfərdə artıq aşağı liqaya düşmüş “Şibenik”lə qarşılaşacaq.
Çempion müəyyənləşəndən sonra Xorvatiya Futbol Assosiasiyasının (HNS) prezidenti Marijan Kustiçin kubok və medallarla neytral ərazidə verəcəyi planlaşdırılır. HNS rəhbəri digər işçilərlə birlikdə Bosilyevo şəhəri yaxınlığındakı magistral yol ayrıcında olacaq.
O, “Dinamo”nun oynayacağı “Maksimir” stadionundan təxminən 80 kilometr, Riyekadan təxminən 90 kilometr, Sibenikdən (Subiçevaç stadionu) 267 kilometr məsafədədir.
Qızıl medalların sahibi məlum olanda Kustiç kubok və medalları stadiona gətirəcək, çempion isə azarkeşlərlə birlikdə mükafatlandırma mərasimini gözləyəcək. Daha sürətli hərəkət etmək üçün polis maşınlarından istifadə oluna bilər.
Kubokların və medalların surətlərinin çıxarılması imkanları nəzərdən keçirilsə də, bu fikirdən vaz keçilib. Həmçinin helikopter uçuşundan imtina etmək qərara alınıb.

Aut.az
