Bundesliqa yekunlaşdı: Avrokuboklara hansı komandalar vəsiqə qazandı?
Şənbə günü, mayın 17-də Almaniya Bundesliqasında sonuncu, 34-cü turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, əsas intriqa “Bavariya” və “Bayer”dən sonra Çempionlar Liqasının əsas raunduna qalan iki vəsiqəni kimin qazanacağı idi.
“Ayntraxt” “Frayburq”u 3:1 hesabı ilə məğlub edərək üçüncü pillədə qərarlaşıb, dördüncü yer isə “Holşteyn”i 3:0 hesabı ilə darmadağın edən Dortmund “Borussiya”sının olub. “Frayburq” beşinci yeri tutaraq Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
“Maynts” Xabi Alonsonun rəhbərliyi altında son matçını keçirən “Bayer Leverkuzen”lə 2:2 hesablı heç-heçə edib və altıncı yeri tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib.
“Haydenhaym” növbəti mövsüm Bundesliqada oynamaq hüququ üçün pley-offda iştirak edəcək. “Holşteyn” və “Bohum” Almaniya futbolunun yüksək divizionunu tərk edib.
Çempionluğu vaxtından əvvəl təmin edən “Bavariya” səfərdə “Hoffenhaym”ı 4:0 hesabı ilə darmadağın edib. Harri Keyn 26-cı qolunu vuraraq çempionatın bombardiri oldu.
Aut.az
