Digər

Bu idman növü də Olimpiadanın proqramına salınacaq?

Peşəkar Bilyard və Snuker üzrə Dünya Assosiasiyasının (WPBSA) rəhbərliyi ümid edir ki, snuker yaxın gələcəkdə Olimpiya idman növünə çevriləcək.

Aut.az xəbər verir ki, bu barədə assosiasiyanın rəhbəri Dankan Ferqyuson BBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, snukerin olimpiya idman növü kimi tanınmasına əsas təkan Cao Sintunun dünya çempionatındakı qələbəsi ola bilər:

“Düzünü desəm, 2032-ci ildə keçiriləcək Brisben Yay Olimpiya Oyunları bizim əsas hədəfimizdir.

Biz çoxnövlü idman təşkilatları ilə əlaqə saxlayırıq. Burada çoxlu siyasi məsələlər var, lakin snukerin miqyasını və Çinin Beynəlxalq Olimpiya Komitəsi üçün əhəmiyyətini nəzərə alsaq, kimsə buna baxıb deməlidir: “İndi snuker üçün zaman yetişib,” – deyə Ferqyuson vurğulayıb.

Snuker nə 2020, nə də 2024 Yay Olimpiya Oyunlarında olimpiya idman növü statusunu ala bilməyib.

Cao Sintun snuker üzrə dünya çempionatında qalib gələn ilk asiyalı oyunçu olub. Snuker üzrə dünya çempionatı ilk dəfə 1927-ci ildə keçirilib. Bu günə qədər yalnız beş dəfə titul Böyük Britaniyadan kənar oyunçulara qismət olub: Horas Lindram (Avstraliya, 1952), Kliff Tornbern (Kanada, 1980), Ken Doerti (İrlandiya, 1997), Nil Robertson (Avstraliya, 2010) və Luka Bresel (Belçika, 2023).

Ötən il çempion adını ingilis Kayren Uilson qazanmışdı. Bu il isə o, birinci raundda çinli Lei Peyfan tərəfindən turnirdən kənarlaşdırılıb.

Aut.az