Dünya cempionatı

FİFA açıqladı: KDÇ-2025-in sonuncu iştirakçısı belə müəyyənləşəcək

FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında “Leon” klubunun turnirdən kənarlaşdırılmasından sonra yaranan boş yerin necə doldurulacağını açıqlayıb.

Aut.az xəbər verir ki,  Meksika klubunun yerinə ABŞ-ın “Los-Anceles” və Meksikanın “Amerika” komandaları arasında keçiriləcək pley-off oyununun qalibi qatılacaq. Bu pley-off qarşılaşmasının qalibi Klublararası Dünya Çempionatında D qrupuna düşəcək və “Flamenqo”, “Esperans” və “Çelsi” ilə qarşılaşacaq.

Pley-off oyununun dəqiq tarixi və keçiriləcəyi məkan daha sonra açıqlanacaq.

Xatırladaq ki, “Los-Anceles” 2023-cü ildə KONKAKAF Çempionlar Liqasının finalında məhz “Leon”a uduzmuşdu. “Amerika” isə 2024-cü il KONKAKAF Çempionlar Kubokundakı yüksək reytinqi ilə fərqlənmişdi və həmin turnirdə “Paçuka” qalib olmuşdu.

“Leon” və “Paçuka” klubları eyni sahibə məxsus olduğuna görə FİFA tərəfindən turnirdən kənarlaşdırılıb. Hər iki klub bu qərara qarşı apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.

Qeyd edək ki, KDÇ-2025 15 iyun – 13 iyul tarixləri arasında ABŞ-da keçiriləcək və yarışda ümumilikdə 32 klub iştirak edəcək.

Aut.az