Dünya futbolu

Venger tələb etdi: Avropa Liqasının qalibini ora buraxmayın

“Arsenal”ın keçmiş baş məşqçisi, hazırda FİFA-nın qlobal futbol inkişafı üzrə direktoru Arsen Venger, Avropa Liqasının qaliblərinin Çempionlar Liqasına avtomatik vəsiqə qazanmasının əleyhinə olduğunu bildirib.

Aut.az xəbər verir ki, Venger “beIN Sports”a verdiyi müsahibədə Avropanın ikinci ən böyük yarışının qalibinin Çempionlar Liqasına yox, növbəti mövsümün Avropa Liqasına avtomatik vəsiqə qazanmasının daha məntiqli olacağını bildirib.

“Əgər bu qərar qəbul edilibsə, deməli, onun mövcud olmaq hüququ var. Amma mən hesab edirəm ki, Avropa Liqasının qalibi yenidən Avropa Liqasına vəsiqə qazanmalı və Çempionlar Liqasına düşməli deyil. Xüsusilə də Çempionlar Liqasına artıq 5 kluba qədər komandaların daxil olduğu çempionatdan danışırıqsa.

Digər tərəfdən, çoxları deyəcək ki, Avropa Liqasında motivasiya və marağı saxlamaq üçün məhz bu cür mükafat lazımdır. Buna görə də, bəlkə də bu, yenidən nəzərdən keçirilməli olan bir məsələdir”, – Venger deyib.

Bir sıra top-klubların qeyri-sabit mövqeyi belə müzakirələrə səbəb ola bilər. “Mançester Yunayted” və “Tottenhem” öz standartlarına görə son dərəcə uğursuz mövsümlər yaşayır: Ruben Amorim və Ange Postekoğlunun komandaları Premyer Liqada müvafiq olaraq 15 və 16-cı yerləri tuturlar.

Hər iki komanda Avropa Liqasının finalına çıxmağın bir addımlığındadır. “Mançester Yunayted” yarımfinalın ilk oyununda “Atletik”ə (3:0), “Tottenhem” isə Bodo-Qlimtə ​​qalib gəlib (3:1).

Aut.az