Ginnesin Rekordlar Kitabına düşdü: Ən uzun marafon…
Nigeriyalı şahmatçı Tunde Onakoya və onun puerto-rikalı həmkarı Şon Martinez ən uzun şahmat marafonunu başa vuran idmançı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Aut.azxəbər verir ki, Nyu-Yorkun Tayms meydanında 30 yaşlı Tunde və 34 yaşlı Şon 64 saat fasiləsiz oynayıblar. Bu barədə FİDE (Beynəlxalq Şahmat Federasiyası), həmçinin idmançının özü məlumat verib.
Bu, Onakoyanın rekorda ikinci cəhdidir. 2024-cü ilin aprelində o, dostu Şon Martinezlə birlikdə 60 saatlıq marafonu başa vuraraq, norveçlilər Halvard Haug Flatebo və Sjur Verkinqstadın müəyyən etdiyi 2018-ci il rekordunu (56 saat 9 dəqiqə) qırdılar, Dailypost.ng yazır .
Vanguardngr.com-un əlavə etdiyi kimi , iki ay sonra titulu 61 saat, 3 dəqiqə, 34 saniyə ilə yeni rekorda imza atan norveçli şahmat dueti Odin Blikra Vea və Askild Bryn geri qaytardı.
Bu dəfə Tunde və Şon Nyu-Yorkun Tayms Meydanında oynayıblar və tədbir ABŞ-ın aparıcı mediası tərəfindən işıqlandırılıb.
Tunde yoxsul uşaqların oxuyub yazmasına kömək etmək üçün şahmatdan bir vasitə kimi istifadə etməyi hədəfləyən qeyri-kommersiya təşkilatı olan Chess in Slums Africa-nın yaradıcısıdır. Fandreyzinq onun marafonunun məqsədidir.
“Bu, unudulmuşlara sevgi məktubudur. Real vaxtda gerçəkləşən bir arzu. Biz evsiz uşaqlar üçün pulsuz məktəb – öyrənmək, müalicə etmək və ikinci şans üçün ev tikmək üçün 1.000.000 dollar toplayırıq” dedi .
“Biz qeyri-mümkün olanı etdik və dünyaya inanmaq üçün yeni bir şey verdik. 64 saat ərzində ən uzun şahmat marafonunun rəsmi rekordçuları. Biz bunu bacardıq”, – Tunde “X” sosial şəbəkəsində yazıb .
Xatırladaq ki, 2023-cü ildə Avropanın ən güclü adamı, ukraynalı Pavel Kordiaka öz adını Ginnesin Rekordlar Kitabına yazdırıb .
