“Siti” onu geri qaytarır: Ciddi təklif göndərməli olacaqlar
“Mançester Siti” “Aston Villa”da çıxış edən sabiq yarımmüdafiəçisi Morqan Rocersi geri qaytarmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Siti”nin baş məşqçisi Pep Qvardiola Rocerslə ciddi şəkildə maraqlanır. Mançester təmsilçisinin 22 yaşlı futbolçu üçün son dərəcə ciddi təklif göndərməli olacağı vurğulanır. Çünki “Aston Villa” keçən ilin noyabrında onun müqaviləsini uzadıb.
Rocers bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun Birmingem klub ilə müqaviləsi 2030-cu ilin yayına kimidir. “Transfermarkt”a görə, onun bazar dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, universal hücumameyilli yarımmüdafiəçi olan Rocers 2021-2023-cü illərdə “Siti”nin futbolçusu olub. Lakin daha çox icarə əsasında başqa klublarda çıxış edib. 2023-cü ildə “Middlzbro”ya satılıb. Bir il sonra isə “Aston Villa” onu heyətinə qatıb.
