Azərbaycan futbolu

Kurban Berdiyev: “Avrokuboklara vəsiqə qazansaq, mövsümü uğurlu saya bilərik”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məqşçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Zirə” kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. “Zirə”ni layiqli qələbə münasibətilə təbrik edirəm.

– 4-cü yeri tutub avrokuboklara gedə bilməsəz, bunu uğurlu nəticə hesab edəcəksiz?

– Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik.

– Geridən hücum qurmaqla bağlı müdafiədə problem olduğunu düşünürsüz?

– Müəyyən problemlər var. Bunları müzakirə edirik və aradan qaldırmağa çalışırıq.

– İsmayıl İbrahimliyə hansı tapşırığı vermişdiz?

– Ötürmələrlə bağlı problemi var. Bunun üzərində işləyirik.

– Komandanız evdə oyuna çox istəkli və aqressiv başlayanda səhvlər edir. Bəlkə bunu dəyişməyin vaxtıdır?

– Aktiv oynamalı olduğumuz oyunlarda bunu edirik. “Zirə” əks-hücumlarda təhlükəli olan komandadır. Elə ilk əks-hücumları da penalti və qolla nəticələndi.