Övladına “dərmandır” – Matias “Neftçi”dən buna görə ayrılır
“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias ölkəsinə qayıtmağı planlaşdırır.
Aut.az xəbər verir ki, buna səbəb 30 yaşlı müdafiəçinin ailəsində yaşanan problemlərdir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
İki övladı olan Matiasın oğlanlarından biri – 5 yaşlı Mateus autizm spektri pozuntusundan (TEA) əziyyət çəkir. Oğlunun müalicəsi üçün onun yanında olmaq istəyən Yuri vətəndən təklif gözləyir. Futbolçu bu amilin onu psixoloji cəhətdən çox yüklədiyini bildirib:
“Ailədən uzaq qalmaq çox çətindir. Bunu izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam”.

Yuri Matiasın həyat yoldaşı Mişel də uşaqların atalarına çox bağlı olduğunu deyib:
“Oğlanların Yuri ilə güclü bağları var. Matias olmayanda, xüsusilə də, autizmdən əziyyət çəkən Mateus üçün vəziyyət daha da çətinləşir. Amma bir yerdə olanda hər şey dəyişir, daha sakit və stressiz olur. Həmişə deyirəm ki, Yuri onların dərmanıdır”.
Qeyd edək ki, Yuri Matiasın “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatır. “Ağ-qaralar” ona yeni sözləşmə təklif etməyib. Böyük ehtimalla, braziliyalı futbolçu yayda Bakı klubunu tərk etməli olacaq.
