İngiltərə

Rusiyada, Ukraynada insanlar özlərini başqalarından yaxşı hesab edirlər – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Tomas Tuxelin İngiltərə milli komandasına baş məşqçi təyin olunmasına münasibət bildirib.

İngiltərə Futbol Assosiasiyası alman mütəxəssislə müqavilə imzaladığını elan etdikdən sonra ölkənin bir çox futbol xadimləri milli komandaya əcnəbinin baş məşqçi təyin olunmasından narahat olduqlarını bildiriblər.

“Tomas Tuxel baş məşqçi təyin olunub, ona görə də onu və İngiltərə Futbol Federasiyasını təbrik etməliyəm. Bu, böyük bir işdir və İngiltərədə doqquz il işləyən biri kimi ona ən yaxşısını arzulayıram. Biz harada doğulacağımızı seçmirik. Buna anamız və atamız qərar verir və doqquz aydan sonra biz dünyaya gəlirik. Mən katalon olmağı seçmədim, siz ingilis olmağı seçmədiniz.

Federasiya əla təcrübəyə malik əcnəbi məşqçi seçib və mən onu qeyd-şərtsiz dəstəkləyəcəm. Qalib gəlsə, təriflənəcək, uduzsa, tənqid olunacaq.

Amma onun milliyyəti önəmli deyil. Bilirəm ki, haradan gəldiyimizlə fəxr edirik, amma dünya çox böyük bir yerdir. Açıq olmaq lazımdır. Mən bura sizdən öyrənmək üçün gəlmişəm. Bəzi insanlar başqalarından daha yaxşı olduqlarını düşünürlər və bu, bütün dünyada olur. Ukraynada, Rusiyada, İsraildə və insanların özlərini başqalarından daha yaxşı hesab etdikləri Afrikanın bəzi yerlərində belə düşünürlər. İnsanların sırf başqa ölkədə doğulduğuna görə tənqid edilməsi mənim xoşuma gəlmir”, – deyə Qvardioladan BBC sitat gətirib.

Aut.az