“Neftçi”də amansız mübarizə: İkisi savaşır, biri pusquda durub
“Neftçi”də yaşanan xaos hər kəsə bəllidir. Ölkənin köklü klubu Premyer Liqanın geridə qalan 9 turu, başqa sözlərlə ifadə etsək, birinci dövrəsi və ya 25%-də qələbə qazana bilməyib.
Klub tarixində belə uğursuz start olmayıb. Hazırda 9-cu sırada qərarlaşan “ağ-qaralar” yalnız “Kəpəz”dən irəlidədir.
Bundan əlavə, mövsüm başlayandan komanda ətrafında qalmaqallar bitmək bilmir. Yaxın keçmişdə yaşanan hadisələrin xronologiyasını təkrarlamağa, yəqin ki, ehtiyac yoxdur. Ancaq 2 postda olan dəyişiklik klubda baş verənləri çılpaqlığı ilə üzə çıxardı. Söhbət uğursuzluqlardan sonran növbə ilə göndərilən – idman direktoru Yens Andersson və baş məşqçi Roman Qriqorçukdan gedir.
Aut.az-ın əldə etdiyi məlumata görə, adları çəkilən şəxslərin “Neftçi”dən gedişi klub daxilindəki qüvvələr arasında yeni mübarizənin yaranmasına səbəb olub. Hazırda paytaxt klubunun daxilində üç cəbhə yaranıb. Onların ikisi aktiv şəkildə “döyüş”ürsə, biri hiyləgər siyasət aparır.
Əslində “Neftçi”dəki problemlərin səbəbi klub daxilində bir-birini təkrarlayan vəzifələrin və oxşar işlərlə məşğul olan şəxslərin sayının çox olmasıdır. Bütün bunlar meydandakı nəticələrə də təsir edir.
Paytaxt təmsilçisinin idman üzrə müşaviri Kamil Məmmədov ilə futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov arasında bir müddətdir yaşanan “soyuq savaş” bu günlərdə qızışıb. Komandanın uğursuzluğuna görə məsuliyyət daşıyan bu şəxslər heç nə olmamış kimi fəaliyyətlərinə davam edirlər. İndi onların məqsədi istefaya göndərilən şəxslərin yerini tutmaqdır. Məmmədov və Əzizov idman direktoru olmaq üçün savaşırlar. Eyni zamanda baş məşqçi postuna da öz hər biri öz adamını gətirmək istəyir. Hazırda klub daxilində hər iki şəxs uğursuz kadr hesab olunur. Çünki onların yayda etdikləri bütün əməliyyatlar fiaskoya uğrayıb. Zaur Əzizov baş məşqçi Roman Qriqorçuk və bir neçə futbolçunu gətirmişdisə, Kamil Məmmədov az qala bütün legionerlərin transferini şəxsən təşkil etmişdi. İndi də hər iki şəxsin başı vəzifə davasına qarışıb.
Onlar arasındakı gərginlik isə ən çox baş icraçı direktor Cenk Sümerə sərf edir. O, Kamil Məmmədov və Zaur Əzizovun uğursuzluğunu əlində bayraq edib. Eyni zamanda, bu mübarizədə onların tam olaraq məğlub olmalarını gözləyir. Çünki planları var. Türkiyədən, dərinə getsək, “Beşiktaş”dan tanıdığı dost-tanış kim varsa, hamısını “Neftçi”yə gətirmək və güclənmək istəyir. Onun əsas hədəfi yüksək vəzifələrdə öz adamlarını yerləşdirməkdir.
Ancaq hələlik onun əli güclü deyil. Eyni zamanda, Azərbaycan futbolundakı reallıqlar buna imkan vermir. Hazırda “Neftçi”də savaş gedir. Bu “müharibə”yə tezliklə son qoyulmasa, Birinci Liqaya çempionatın ən imkansız və problemli komandası “Kəpəz” deyil, “Neftçi” gedəcək. Bunun baş verməməsi üçün isə hər üç şəxslə bağlı tədbir görülməlidir.
Aut.az
