“Qarabağ”la oyundan sonra Qriqorçuk “Neftçi”dən ayrılacaq: Görün onun yerinə kimi gətirirlər
“Neftçi”nin cari mövsümdəki uğursuzluğu davam edir. “Ağ-qaralar” geridə qalan 6 tur ərzində qələbə qazanmağı bacarmayıb.
Paytaxt təmsilçisinin aktivində 4 xal var. Komanda bu nəticə ilə turnir cədvəlində 9-cudur. Bu vəziyyət haqlı olaraq azarkeşlər və futbol ictimaiyyəti tərəfindən tənqid olunur.
Bütün ismarışların ünvanı klub rəhbərliyidir. Çünki onların heç bir işə yaramayan siyasəti “Neftçi”ni autsayderə çevirib. Baş məşqçi Roman Qriqorçuk bu vəziyyətdə günahkarlardan biri hesab edilir. Ukraynalı mütəxəssisin təyinatının 3 ayı tamam olmasa da, artıq getmək barədə düşünür. Bəli, Qriqorçuk özü “roman” yazmaq sevdasından əl çəkib. O, Azərbaycana dönməyinə deyil, səriştəsiz, onu aldadan “Neftçi” rəhbərliyi ilə işləməyinə peşman olub. Qriqorçuk artıq gedə biləcəyini kluba bildirib.
Aut.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssis üçün hər gün sonuncu ola bilər. Artıq “Neftçi”də işləmək istəmir. O, komanda və klub daxilindəki hərc-mərclikdən bezib. Premyer Liqanın 7-ci turu çərçivəsində “Qarabağ”la keçiriləcək görüş onun üçün sonuncu oyun ola bilər. Roman möcüzə edə bilməsə, böyük ehtimalla, gedəcək.
Artıq onu əvəzləyəcək namizədin adı da bəllidir. “Neftçi” rəhbərliyi tənqidlərdən yayınmaq, klub ətrafındakı sərtliyi yumşaltmaq və söz-söhbətləri ört-basdır etmək üçün komandanı yerli mütəxəssisə tapşıracaq.
Əvvəl də bu barədə məlumat vermişdik. Söhbət “Sumqayıt”a rəhbərlik edən Samir Abasovdan gedir. 46 yaşlı mütəxəssis də Sumqayıt təmsilçisindəki vəziyyətdən narazıdır. “Zirə” ilə oyunun onun bu postda son matçı olacağı gözlənilir.
Belə olan halda, bu ayın sonuna kimi yerli mütəxəssis bir neçə il əvvəl çempionluq yaşatdığı “Neftçi”yə dönəcək.
Aut.az
