“Neftçi” qərar verdi: Xaricdən bu mütəxəssis gətirilir, qurban da kəsiləcək
“Neftçi” yeni mövsümə çox uğursuz başlayıb. Komanda geridə qalan 5 turda hələ qələbə qazanmayıb. Klub rəhbərliyi çar-naçar qalıb, bunun səbəbini müəyyən etməyə çalışırlar.
Aut.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Neftçi”də fövqəladə iclas keçirilib.
İclasda klub rəhbərliyi bildirib ki, hər şey peşəkar səviyyədə görülsə də, uğur komandadan üz döndərib. Müzakirələrdən sonra klub elitası bu rəyə gəlib ki, “Neftçi”nin ayağını dartan pis ruhlardır. Klub bazasında cinlərin olduğu güman edilir.
Buna görə də, bazaya cin qovan mütəxəssisin çağırılmasına qərar verilib. Rəhbərliyə yerli mütəxəssis təklif edilib, amma imtina ediblər. Yerlilərin peşəkarlığına güvənməyiblər. Ona görə də Rusiyanın Altay vilayətindən peşəkar cin qovanın dəvət olunmasına qərar verilib. Onunla danışıq aparılıb və razılıq əldə edilib. Amma cini qovacaq mütəxəssisin müqaviləsinin maliyyə detalları açıqlanmır. Bu şərtlər onun klub bazasından qovacağı cinlərin sayından asılı olacaq. Ola bilsin ki, bazada bir yox, daha çox cin var.
Mütəxəssis ilk tapşırığını da verib: Mən gələnə qədər bazada hər gün üzərlik yandırılsın.
Artıq “Neftçi” bu prosesə başlayıb, bazardan üzərlik alınıb və hər gün bazada yandırılır.
“Neftçi” ümid edir ki, növbəti tura qədər cin qovan mütəxəssis Bakıya varid olacaq və problemi həll edəcək. Ola bilsin ki, “Neftçi” növbəti turda qalib gəlsin.
O da bildirilir ki, “Neftçi” növbəti turda qalib gəlsə, rəhbərlik Bakının məşhur ziyarətgahlarından birində qurban kəsəcək.
Allah qəbul etsin!
Aut.az
