Komandanın 3 üzvü qəzada həlak oldu
Yeni Zelandiyanın Cənubi Adasında şossedə mikroavtobus ilə yolsuzluq avtomobilinin toqquşması nəticəsində Cənubi Koreyanın xizək komandasının üç üzvü həlak olub.
Aut.az xəbər verir ki, hadisə avqustun 21-də baş tutub. Bu barədə AP məlumat yayıb.
Ölənlərin hamısı mikroavtobusda olub. Onlarla birlikdə gedən digər şəxs və yolsuzluq avtomobilinin sürücüsü ağır yaralanıb. Onlar helikopterlə Kraystçörç xəstəxanasına aparılıb.
Koreya Olimpiya Komitəsinin sözçüsü ölənlərin Yeni Zelandiyaya məşq etmək üçün getmiş idmançılar olduğunu deyib. Lakin onların adlarını açıqlamayıb.
Yonhap diplomatik mənbələrə və yerli mediaya istinadən yazır ki, ölənlərdən ikisi idmançı və biri məşqçidir.
Koreya Xizək Assosiasiyası vəziyyəti araşdırdığını bildirib. Eyni zamanda idmançıların təlim-məşq toplanışında deyil avqustun 23-də başlayacaq Qış Oyunlarında iştirak etmələri ilə bağlı Yeni Zelandiyada olduğunu bildirib.
Aut.az
