Şahmatçıya 5 il cəza verildi: Qadınlara sataşırmış
Beynəlxalq Şahmat Federasiyasının Etika və Nizam-intizam Komissiyası latviyalı şahmatçı Andrey Strebkovu illərlə poçt vasitəsilə qadınlara sataşdığına görə FİDE-nin himayəsi altında keçirilən yarışlardan 5 il müddətinə uzaqlaşdırıb.
Bəziləri 14 yaşında olan onlarla qadın şahmatçının 10 il ərzində Strebkovdan pornoqrafik materiallar və istifadə olunan prezervativlərdən ibarət nalayiq məktublar aldıqları, evlərinə, klublarına, universitetlərinə və turnirlərin keçiriləcəyi yerlərə göndərildiyinə dair qəti sübutlar tapılıb. Bundan başqa, Strebkov uzun illər müxtəlif internet platformalarında qadınlar haqqında təhqiramiz ifadələr səsləndirib.
“FİDE şahmat cəmiyyətində, xüsusən də yetkinlik yaşına çatmayanları əhatə edən hər hansı bir təqib və ya zorakılığa dözməyəcək. İstər qadın, istər kişi olsun, bütün oyunçular üçün təhlükəsiz və qonaqpərvər mühit təmin etmək istəyirik. Biz Etika və İntizam Komissiyasının bu cür davranışın yolverilməz olduğunu açıq şəkildə bildirən qərarını alqışlayırıq”, – FİDE prezidenti Arkadi Dvorkoviç bildirib.
Strebkovun FİDE-nin təşkil etdiyi hər hansı yarışlarda iştirakına 5 il müddətinə qadağa qoyulub. Bundan əlavə, ona FİDE-nin himayəsi altında keçirilən reytinq turnirlərində iştirak etmək qadağandır.
Latviyada şahmatçıya qarşı cinayət işi açılsa da, müəyyən edilib ki, Strebkovun hərəkətində yerli qanunvericiliyə görə cinayət tərkibi yoxdur.
Aut.az
