Dünya futbolu

Yenə də onlar: Olimpiadanın futbol turnirinin ilk finalçısı müəyyənləşdi

Bu gün, avqustun 5-də Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin ilk yarımfinal görüşü baş tutub.

Aut.az xəbər verir ki, Mərakeş və İspaniyanın olimpiya komandaları Marseldəki “Orange Velodrom” stadionunda üz-üzə gəliblər.

Qarşılaşmada hesabı mərakeşlilər açıb, qolu olimpiadada hər matçda qol vuran Süfyan Rəhimi vurub. “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Fermin Lopez 66-cı dəqiqədə hesabı bərabərləşdirib. 85-ci dəqiqədə Xuanlu Sançes “qırmızı furiya”nı hesabda önə keçirib. Qarşılaşma 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb.

İspaniya üçün bu, son bir ayda böyük futbol turnirinin üçüncü finalıdır. Bundan əvvəl ispanlar Avro-2024 və U-19 gənclər arasında Avropa çempionatında qalib gəliblər.

İkinci yarımfinal matçında turnirin ev sahibi fransızlar Misirlə qarşılaşacaq. Mərakeş bürünc medal uğrunda görüşə çıxacaq.

Olimpiya Oyunları. Futbol turniri, 1/2 final (kişilər).

Mərakeş U-23 – İspaniya U-23 – 1:2

Qollar: Rəhimi 37 (pen) – Lopes 66, Sançes 85.

Aut.az