Boks

Paris-2024: Qazaxıstan şikayət etdi – Bu nəticəni qəbul etmirik

Qazaxıstan Milli Olimpiya Komitəsi rəsmi olaraq PBU-ya (Paris Boks Vahidi) müraciət edərək 63,5 kq çəki dərəcəsində Məhəmmədsabır Bazarbayuli ilə gürcü Laşa Quruli arasında keçirilən döyüşün nəticəsinin aydınlaşdırılmasını tələb edib.

Aut.az xəbər verir ki, Qazaxıstan tərəfi görüşün nəticəsini qəbul etmir.

“Qazaxıstan MOK-u Bazarbayulinin döyüşünün nəticəsindən apellyasiya şikayəti verib. Nəticə ilə razı deyilik və BOK-u xəbərdar edərək PBU-dan aydınlıq tələb etdik. Fikrimizcə, qazaxıstanlı boksçu 2024-cü il Olimpiya Oyunlarının yarımfinalına yüksəlmək üçün mühüm döyüşdən qalib ayrılıb.

Başa düşürük ki, ötən matçın nəticəsini nəzərdən keçirmək mümkün deyil. Bununla belə, biz tələb edirik ki, ən mühüm beynəlxalq yarışda hakimlik digər idmançılar üçün dürüst, ədalətli və qərəzsiz olsun”, – deyə Qazaxıstan MOK-un baş katibi Janar Uteşeva şərh edib.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan MOK-u qazax boksçularının döyüşlərində fərdi hakimlərin hesablaması ilə bağlı PBU-ya münasibət bildirmişdi. O, baxılmaq üçün qəbul edilib və artıq araşdırma başlanıb.

Aut.az