Kateqoriyasız

Paris-2024 qalmaqalla başladı: Azarkeşlər meydana girdi, açılış oyununda 2 saatlıq fasilə yarandı – VİDEO

Paris Yay Olimpiya Oyunları qalmaqalla başlayıb.

Aut.az xəbər verir ki, futbol yarışlarının qrup mərhələsinin ilk matçı – Argentina – Mərakeş oyunu yarımçıq qalıb.

Mərakeş yığmasının heyətində bu görüşdə Soufian Rəhimi dubla imza atıb. O, 45+2 və 51-ci dəqiqələrdə fərqlənib. Argentinalıların ilk qolunu 68-ci dəqiqədə Jiuliano Simeone vurub. Əlavə edilmiş vaxtda – 90+16-cı dəqiqədə Kristian Medina hesabı bərabərləşdirib.

Bundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya yad əşyalar atıblar. Bir qrup fanat isə meydana çıxıb və argentinalılara fişənglər və kənar əşyalar atmağa başlayıb. Hakim oyunu dayandıraraq komandaları meydandan kənarlaşdırıb.

Futbolçular soyunub-geyinmə otaqlarına yollanıblar. Bundan sonra matçın boş tribunalar önündə tamamlanmasına qərar verilib.

Eyni zamanda, həmin fasilə zamanı hakimlər Medinanin qolunu VAR ilə yoxlayıblar. Nəticədə qol ləğv edilib. Beləliklə, görüş 2:1 hesabı ilə Mərakeş yığmasının xeyrinə davam edib.

Oyunçular qalan 3 dəqiqəni 2 saatlıq fasilədən sonra oynamaq üçün “Sent-Etyen” arenaya qayıdıblar. Görüş Mərakeşin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Olimpiya Oyunlarında futbol turniri iyulun 24-dən avqustun 10-dək davam edəcək.

Aut.az