Dünya futbolu

Brüssel İsrail millisini qəbul etməkdən imtina etdi

Bu il sentyabrın 6-da UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Belçika-İsrail futbol matçı Macarıstanın Debrecen şəhərindəki “Nagyerde” stadionunda baş tutacaq.

Aut.az xəbər verir ki, görüş bağlı qapılar arxasında keçiriləcək, azarkeşlərə biletlər satılmayacaq. Bu barədə Belçika Kral Futbol Assosiasiyası məlumat yayıb.

Əvvəldən oyunun Brüsseldə, Kral Boduin adına stadionda keçirilməsi nəzərdə tutulurdu. Lakin Belçika paytaxtının rəhbərliyi Qəzzada davam edən İsrail-Fələstin müharibəsi şəraitində son dərəcə riskli olan həmin görüşü keçirməkdən imtina edib. Brüssel hakimiyyəti belə bir tədbirin həyata keçirilməsinin etirazlara və iğtişaşlara səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirib. Qarşılaşmanı Belçikanın başqa şəhərinə keçirmək niyyəti var idi, lakin ölkənin bütün şəhərlərinin bələdiyyə orqanları matçı keçirməkdən imtina etdilər və UEFA oyunun Macarıstanda keçirilməsinə razılıq verməli oldu.

Aut.az