UEFA Ronaldoya görə almanları cərimələdi
UEFA Almaniya Futbol Federasiyasını (DFB) Avro-2024-ün matçlarında Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydançaya axışan azarkeşlərin qarşısını almadığına görə cərimələyib.
Aut.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb .
Azarkeşlər Ronaldo ilə selfi çəkmək üçün meydançaya qaçdıqdan sonra turnirin ev sahiblərinə qarşı ümumi dəyəri 20 min avro olan iki intizam qərarı verilib. Almaniyaya qarşı ittihamlar Portuqaliyanın Çexiya və Türkiyə oyunlarında “asayişin və təhlükəsizliyin” kifayət qədər təmin olunmaması və “oyun meydanının qorunması” ilə bağlı olub.
Belə epizodların birində Türkiyə ilə matçda 39 yaşlı superulduz 10 yaşlı uşaq ilə şəkil çəkdirməyə razılaşsa da, ümumilikdə forvard təkrar qayda pozuntularına görə əsəbləşib. Hətta Portuqaliya – Gürcüstan oyununun sonunda futbolçu meydanı tərk edən zaman azarkeş tribunadan onun üzərinə atılıb. Həmin vaxt Ronaldo ciddi zədə almaq təhlükəsi ilə üzləşib.
UEFA-nın Avro qrup mərhələsində futbol federasiyalarına qarşı çıxardığı cərimələrin ümumi məbləği 1,3 milyon avroya çatıb. Yalnız Slovakiya və İspaniya cərimələnməyib.
Aut.az
