Polislə anlaşdı, ittihamlar götürüldü
Amerikalı qolfçu Skotti Şeffler mayın 17-də baş vermiş insidentdən sonra ona qarşı irəli sürülən bütün ittihamlardan azad edilib.
Aut.az xəbər verir ki, bu barədə qolfçu özü sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Şeffler avtomobili ilə PGA çempionatının keçirildiyi “Valhalla” Qolf Klubuna getməyə çalışıb. Piyadanın vurulması səbəbindən yol bağlanıb. KİV-in məlumatına görə, Şeffler səkidən keçərək hadisə yerindən uzaqlaşmağa çalışıb və polis məmurunun dayanma tələbinə məhəl qoymayıb. Nəticədə qolfçu saxlanılıb və ona qarşı polis əməkdaşına ikinci dərəcəli hücum ittihamı irəli sürülüb.
“Əvvəlcə dediyim kimi, bu, uğursuz bir anlaşılmazlıq idi. Zabit Gillisə qarşı heç bir pis niyyətim yoxdur. Mən bu hadisəni arxada qoymaq və davam etmək istəyirəm və ümid edirəm ki, o da eyni şeyi edəcək. Polis əməkdaşlarının çətin işi var, hüquq-mühafizə orqanlarının əməkdaşlarına böyük hörmətim var. Bu, xaotik vəziyyətdə ciddi anlaşılmazlıq idi”, – Şeffler yazıb.
Aut.az
