Ulduz futbolçulardan karyeraları ilə bağlı mühüm qərar
Daha iki ulduz futbolçu milli komandadakı karyerasını başa vurub.
Aut.az xəbər verir ki, söhbət PSJ-nin qapıçısı Keylor Navas və “Milan”ın hücumçusu Olivye Jirudan gedir.
Navas Kosta-Rika yığmasındakı çıxışını başa vurduğunu açıqlayıb:
“Milli komandada həyatımın bu mərhələsi başa çatıb. Komanda yoldaşlarım həmkarlarımdan daha çoxdur, mənim üçün ailə olublar. Paylaşdığımız bütün xatirələrə görə sizə ürəkdən təşəkkür etmək istəyirəm. Biz birlikdə dünyanın ən yaxşı oyunçuları ilə yarışaraq və Kosta Rikanın adını ən yüksək səviyyəyə qaldıraraq tarix yazdıq. Siz olmasanız bunların heç biri mümkün olmazdı.
Mən minnətdarlıqla dolu bir ürəklə və gələcəyə dikilmiş gözlərimlə irəliləyirəm, həmişə özümlə Kosta Rikanı aparıram, böyük ürəyi olan kiçik bir ölkə”.
Navas milli komandada 2008-ci ilin oktyabrında 21 yaşında debüt edib. Qapıçı 16 il ərzində 114 oyun keçirib.

Hücumçu Olivye Jiru da Almaniyada keçiriləcək Avropa çempionatının Fransa forması ilə çıxış edəcəyi sonuncu turnir olacağını bildirib. “Yerimi gənc oyunçulara vermək vaxtıdır”, – deyə 37 yaşlı forvard bildirib.
Jiru 2011-ci ilin noyabrında Fransa millisində debüt edib. O, komandanın heyətində 131 oyun keçirib və 57 qol vurub. Milli komandanın tərkibində dünya çempionu (2018) və Millətlər Liqasının qalibi (2021) olub.
Aut.az
