Digər

Rusiya həyasızlığı: Ukraynaya dəvət göndərdilər

Rusiya Ukraynanın bəzi idman federasiyalarına məktublar göndərərək, onları Moskva və Yekaterinburqda keçiriləcək qondarma “Dostluq Oyunları”nda iştirak etməyə dəvət edəcək qədər həyasızlıq nümayiş etdirib.

Aut.az xəbər verir ki, Kanal 5-in məlumatına görə, Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidni buna cavab olaraq bəyan edib ki, nəinki ukraynalı idmançılar, hətta tərəfdaş ölkələri təmsil edən idmançıların heç biri Rusiyadakı yarışa getməyəcək.

“Biz öz tərəfimizdən Milli Olimpiya Komitəsi ilə birlikdə tərəfdaşlarımız olan ölkələrə də müraciət etmişik – heç kim öz idmançılarını oraya göndərməyəcək. Yüksək səviyyəli idmançıların heç biri buna imkan verməyəcək. Çünki belə iştirak onların beynəlxalq karyerasına nöqtə qoyacaq”, – mənbə Bidnidən sitat gətirib.

Qeyd edək ki, “Dostluq Oyunları” sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçiriləcək. Bundan əvvəl BOK “Dostluq Oyunları”nın təşkilatçılarını idmanı siyasiləşdirməkdə günahlandırıb, ölkələri və hökumətləri yarışlarda iştirakdan imtina etməyə çağırıb.

Aut.az