Qurban Qurbanov: Prezident İlham Əliyevin zəngi mənə əlavə motivasiya verdi – VİDEO
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Anadolu” agentliyinə müsahibə verib.
Aut.az xəbər verir ki, o, açıqlamasında vəzifəyə gəldiyi ilk dövrdə çətin günlər yaşadıqlarını, lakin bunların öhdəsindən gəldiklərini bildirib:
“Komandaya ilk gələndə “Qarabağ” klubunun prezidenti Abdolbari Gözəl mənə “Heydər Əliyevə söz vermişdim ki, bu komandanı Avropada tanıtdıracağam” demişdi. Bu, bir azərbaycanlı olaraq mənim üçün böyük motivasiya oldu. Biz vəzifəmizə bu motivasiya ilə başladıq. İlk ildə çempionluq qazana bilməsək də, Azərbaycan kubokunu qazandıq. UEFA-da təsnifat mərhələsinin pley-off-na qədər gələ bildik. Bu, həmin dövr üçün böyük uğur idi”.
Qurbanov Avroliqanın pley-off mərhələsindəki qələbədən sonra ölkə başçısının ona zəng etdiyini deyib:
“Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi”.
Təcrübəli çalışdırıcı komandadakı əcnəbi futbolçulara Qarabağ adının vacibliyini izah etdiklərini bildirib:
“Əsas motivasiyamız komandamızın adının “Qarabağ” olmasıdır. 2-ci Qarabağ Müharibəsindəki qələbəmizdən sonra əcnəbi futbolçular bunu daha yaxşı dərk edir”.
Bir vaxtlar Qarabağdakı işğalçı rejimin “paytaxt” hesab etdiyi Xankəndidəki şəhər stadionunda MOİK komandası ilə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu keçirdiklərini xatırladan Qurbanov bunun böyük uğur olduğunu qeyd edib:
“Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mehribam Əliyeva da matça baxıblar. Şəhid övladları da orda idi. Unudulmaz gün oldu. Bu oyun işğaldan azad edilən ərazilərdə keçiriləcək matçların başlanğıcı idi. Ağdamda stadion tikiləcək. Komandamız da yekunda ora dönəcək”.
Qurbanov “Qarabağ” komandasına Türkiyədən də böyük marağın olduğundan bəhs edib:
“Mən bir azərbaycanlı, türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm. Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq – həm sevincli, həm də kədərli günlərimizdə. Türk xalqına böyük hörmətim və inamım var. Bizi öz komandaları olaraq görürlər. Səfər oyunlarımızda çoxlu sayda türk azarkeş bizi dəstəkləyir”.
Mütəxəssia “Qarabağ”ın “Bayer”ə yenidən rəqib olmasından da söz açıb:
“Güclü rəqiblə qarşılaşacağıq. “Bayer”i tanıyırıq. Qrup oyunlarında üz-üzə gəldik, hər iki oyunda da uduzduq. Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsinin bizdə futbolun sevilməsinə böyük faydası dəyəcək. Güclü rəqib olsa da, biz məmnunuq. Yenə böyük komandaya qarşı oynayacağıq. Futbolçularımız o böyük futbolu, sürəti və dinamizmi hiss edəcək. Azarkeşlər də oyundan zövq alacaqlar. Uduza bilərik. Amma meydanı mübarizə aparmadan tərk etmərik”
