Dünya futbolu

Poqbadan xəbər var: Nə işlə məşğuldur?

Dopinq ittihamlarına görə qeyri-müəyyən müddətə futboldan uzaqlaşdırılan “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın maraqlarını təmsil edən agent Rafaela Pimenta müştərisinin hazırkı emosional durumu haqda danışıb.

Aut.az xəbər verir ki, Pimenta müştərisinin formada olduğunu bildirib.

“Poqba sabah meydana qayıtmağa hazırdır. İstənilən ssenariyə hazırdır, mənəvi baxımdan çempiondur. Pol zərbə alır, onu həzm edir və yoluna davam edir. Poqba hər zaman formada olmalı olduğu anlayışla məşq edir. Hərdən ona deyirəm: “Gəl başqa bir şey edək?” Mənə əsəbiləşməyə başlayır və deyir: “Rafaela, mən məşq etməliyəm! Sən başa düşmürsən, mən oynamalıyam. Mən qalib gəlmək istəyirəm və başladığım yolu başa vurmaq istəyirəm”, – “Mundo Deportivo” Pimentadan sitat gətirib.

Xatırladaq ki, Poqbanın İtaliya çempionatının 1-ci turunda  “Udineze” ilə oyundan (0:3) sonra verdiyi dopinq test müsbət çıxıb.

Bundan əvvəl mətbuatda İtaliyanın antidopinq prokurorluğunun Poqbanın 4 illik diskvalifikasiyasını tələb etdiyi barədə məlumatlar yayılıb.

Aut.az