“Braqa” Bakıda necə oynayacaq? – Başı daşdan-daşa dəydiyi üçün…
“Birmənalıdır ki, Bakıdakı oyun fərqli olacaq. Böyük ehtimalla, “Braga”nın baş məşqçisi bu dəfə fərqli taktika seçəcək, onlar Bakıda daha sıx oynayacaqlar. Çünki başları daşdan-daşa dəyib, “Qarabağ”a boş zona verməyin nə ilə nəticələndiyini görüblər”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.
Mütəxəssis ötən gün Portuqaliyada baş tutan matçda “köhlən atlar”ın qələbəsindən söz açıb.
“Yenə də kartlar “Qarabağ”ın əlindədir. “Braga” nə qədər sıx, ehtiyatlı oynamağa üstünlük verəcəksə, həm də hücum etməyə məcburdur. Çünki mərhələni keçmək üçün Bakıda qələbə qazanmalıdırlar. Deməli, müəyyən müddət ehtiyatlı oynayıb “Qarabağ”ın səhv etməsini gözləyəcəklər. Bu müddətdə “Qarabağ” rəqibə şans verməsə, “Braga” açıq oynamağa vadar olacaq. Bu da “Qarabağ”ın istədiyini etməsi üçün fürsət yaradacaq”.
Həmsöhbətimiz düşünür ki, “Qarabağ”ın məşqçilərinin əsas vəzifəsi futbolçuların düzgün köklənməsini, nizam-intizamı qorumalarını təşkil etmək olmalıdır:
“Qətiyyən arxayınlaşmaq olmaz. “Qarabağ” “Braga”dan zəif deyil. Amma Bakıda daha fərqli “Braga” görəcəyik. “Atlar”ın futbolçularında arxayınlıq yaranmasa, “Braga”nın müqaviməti səmərəsiz olacaq. Böyük, 90% ehtimalla, növbəti mərhələyə “Qarabağ” yüksələcək”.
