Mübariz Mənsimova arxadan vurulan qardaş xəncəri – DETALLAR
“Xəzər Lənkəran”ın qayıdışı ilə bağlı informasiya vermişdik. Lənkəran təmsilçisinin geridönüşünün müsbət siqnalları bu həftə ərzində verilib və klubun sahibi Mübariz Mənsimovun ətrafı tərəfindən rəsmən təsdiqlənib.
İş adamının rəhbəri olduğu “Palmali” şirkətlər qrupunun sözcüsü də bu barədə açıqlama verib. Fidan Quliyeva klubun martdan işlərə başlayacağını bildirib.
Ancaq bu proses Mübariz Mənsimova heç də asanlıqla başa gəlməyib. Çünki pərdəarxası bəzi məsələlər ona ciddi çətinlik yaradıb. Bu məsələ iş adamının ətrafı ilə – konkret desək, klubu və “Xəzər Lənkəran” Mərkəzi stadionunu həvalə etdiyi qardaşı Mais Mənsimovla bağlıdır.
Mais Mənsimov uzun illər “Xəzər Lənkəran”a rəhbərlik və Mübariz bəyin Azərbaycandakı biznesinə nəzarət edib. Ancaq o, bu etimaddan doğru istifadə etməyib. İdarəçilikdə yol verdiyi ciddi nöqsanlar biznesin zəifləməsinə, bəzi hallarda süqutuna səbəb olub.
Bu azmış kimi, Mais Mənsimov Mübariz bəyə arxadan zərbə də vurub. Mübariz Mənsimov Türkiyədə həbs edilməsi onun üçün fürsət yaradıb. O, pul qazanmaq üçün əvvəlcə stadionu qanunsuz yollarla öz adına keçirib. Ardınca stadion və kluba məxsus inventar və avadanlığı ucuz qiymətə satıb. Daha sonra isə stadionu satışa çıxarıb.
Bu vaxt qardaşının azadlığa çıxması vəziyyəti dəyişib. Mübariz bəy hadisədən xəbər tutub. Mais Mənsimov bu dəfə saxtakarlıqla vəziyyəti düzəltməyə, hətta stadionu adından çıxarmağa çalışıb. Ancaq bu istəyinə tam nail ola bilməyib. Mübariz bəy arxasınca görülən işlərdən xəbər tutub.
Ardınca Mais Mənsimovu həm biznes fəaliyyətindən, həm “Xəzər Lənkəran”dan, həm də stadiondakı rəhbərlikdən uzaqlaşdırıb. İndi hər şey Mübariz bəyin nəzarətindədir. Bundan sonra prosesə şəxsən özü nəzarət edəcək. Buna görə də stadionda yenidənqurma işlərinə lazım olacaq vəsaitin hesablanması üçün müstəqil audit şirkəti ilə əməkdaşlıq edilməsinə göstəriş verib.
Aut.az
