Cit Kun Do döyüş sənətinin yaradıcısı, döyüş sənəti üzrə məşhur döyüş ustası, eyni zamanda rejissor, ssenarist, idmançı və aktyor olan Brüs Linin (Bruce Lee) filosof olduğunu da bilirdinizmi?
Bəli, Brüs Li həm də filosof olmuşdur. Döyüş sənəti ilə fəlsəfənin birləşdirilməsi, başqa sözlə, fiziki güc və ağlın bir araya gətirilməsi onun kreativ şəxsiyyət olduğunun ən bariz nümunəsidir.
Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın tələbəsi olmuş Brüs Linin aforizmə çevrilərək dillər əzbərinə çevrilmiş dərin məzmunlu bir neçə fikrini sizə təqdim edirik:
– Ağıllı insan axmaq bir sualdan çox şey öyrənə bilər, lakin axmaq insan ağıllı bir cavabdan heç bir şey öyrənə bilməz.
– Asan olan bir həyat üçün dua etməyin, çətin günləri geridə qoyma gücü üçün dua edin.
– Başqaları tərəfindən məğlub edilməkdə utanılacaq bir şey yoxdur. Önəmli olan məğlub olduğunuz zaman “məndə çatışmayan nədir?” sualını özünüzə verə bilməkdir.
– Diqqət edin, ən möhkəm ağaclar güclü küləklər zamanı asanlıqla çatlayan və qırılan ağaclardır. Bambuk və söyüd ağacları küləklə birlikdə əyilərək yaşamağa davam edər.
– Heç kimin lilli suyu əli ilə təmizləməyə gücü çatmaz. Lakin bir müddət sakit dayanıb gözlədikdən sonra lil suyun dibinə çökəcəyindən su durular.
– Hər kəs öz qonşusuna kömək etsəydi, yardıma ehtiyacı olan heç kim qalmazdı.
– İstər qəbul edin, istər etməyin, içində olduğunuz şərtlər tamamilə sizə bağlıdır. Siz qəbul etmədikcə, heç vaxt məğlubiyyət deyə bir şey yoxdur!
– Küləyi içəri dəvət edə bilməzsiniz, lakin pəncərəni açıq saxlaya bilərsiniz.
– On min zərbə fəndinin hər birini bir dəfə məşq edən adamdan qorxmuram, amma bir zərbə fəndini on min dəfə məşq edəndən qorxuram.
– Üzməyi öyrənmək istəyirsinizsə, suya tullanmalısınız. Quruda oturub üzməyin üsullarını düşünməyin sizə heç bir faydası yoxdur.
– Yaxşı bir müəllim tələbələrini öz təsirinə salmaqdan qoruyar.
– Yarıqlardan və çatlardan axan su kimi ol. Məcburedici olma, qarşındakı şeyə uyğunlaş. Bununla da ya ətrafından, ya da içindən keçərək yolunu taparsan. (Medianews.az)
Yunis Xəlilov, Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi