Digər

Dakar rallisində faciə: Qəzaya düşən pilotun ürəyi dayandı

“TwinTrail Racing” komandasının pilotu Karles Falkon Dakar Rallisinin 2-ci mərhələsi zamanı ağır qəzaya düşüb.

Aut.az xəbər verir ki, ispaniyalının motosikleti Səudiyyə Ərəbistanında Əl-Hinakiya və Əl-Duvadmi arasındakı magistralın 448-ci kilometrində düşüb. Falkon Əl-Duvadmi xəstəxanasına çatdırılmadan əvvəl tibbi helikopterlə gələn ekipajlardan ilkin tibbi yardım alıb. İdmançının vəziyyəti ağırdır.

Dakarın direktoru David Casteranın sözlərinə görə, hadisə yerinə gələndə pilotun nəbzi vurmurmuş. “Falkon mərhələnin sonunda yıxıldı. Bundan sonra həkimlər gəldi, onun vəziyyətinin ağır olduğunu gördük. Nəbzi yox idi, ona ilkin tibbi yardım göstərildikdən sonra nəbz vurmağa başladı, təzyiq bir az yaxşılaşdı. O, xəstəxanadadır və biz bundan sonra nə edəcəyimizi anlamaq üçün bütün lazımi testləri edirik: onu elə orada əməliyyat edə bilərikmi, yoxsa əvvəlcə vəziyyətini stabilləşdirib, sonra mümkün olan hər şeyi etmək üçün onu Ər-Riyada aparmaq.

Onun həyatı təhlükədədir? Ən son məlumatları əldə etmək üçün bir az daha gözləməli olacaqsınız. Ağciyərləri sıxılıb, amma bu ciddi deyil. Onun başına zərbə dəyib. Ona görə də sınığı olub-olmadığını araşdırırıq”, – “Autosport” Kasteradan sitat gətirib.

Aut.az