Azərbaycan futbolu

Elmar Baxşıyev: “Futboldan kənar bəzi şeylər var idi ağlında”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qəbələ” – “Sabah” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Maraqlı oyun alındı. Hər iki komanda sürətli futbola üstünlük verirdi. Komandamı təbrik edirəm, qələbə önəmli idi, amma hər şey demək deyil. Daha da artırmalıyıq ki, sonuncu pillədə qurtulaq. Komandam xarakter göstərdi. Ümid edirəm, üçüncü dövrə daha yaxşı olacağıq.

– Fasilə ilə bağlı planlarınız nədir? 

– Fasilədə planımız Türkiyəyə getmək idi. Düşündük ki, burada qalaq. Hazırlığı Qəbələdə keçirəcəyik.

– Klubun prezidenti Fariz Nəcəfovun dünən komanda ilə görüşməsi təəccüblü oldu… 

– Bizə təəccüblü deyil, mediaya ola bilər. Həmişə onu görür, danışırıq.

– Türkiyə toplanışının ləğvi turnir cədvəlindəki mövqeyinizlə bağlıdır? 

– Xeyr. Təklif etdim ki, ora sərf edilən xərcə oyunçu ilə güclənək.

– Bu il komanda çətinliklərlə üz-üzədir. Komanda son sıradadır. Ötən mövsüm kuboku qazanmışdız, bu il isə sonuncusuz. Enişi necə ifadə edərdiz? 

– Bu enişi təxmin edirdik. Ötən mövsümün əsas oyunçuları komandanı tərk etdi. Ötənilki heyəti 3 ilə formalaşdırmışdıq. Builki komanda yenidir, düzdür, bir oyun yaxşı, bir oyun pis oynayırıq. Stabillik yoxdur. Yeni oyunçular hələ tam uyğunlaşmayıb. Ümid edirəm ki, bəzi mövqeləri gücləndirə, rəqabəti artıra bilsək, daha iddialı ola bilərik.

– Neçə transfer düşünürsüz? 

– Mövqeni açıqlamaq istəmirəm. Hər mövqedə rəqabət artmalıdır. Bu il Nicatı qazandıq, heç kimin tanımadığı oyunçu idi. O da müdafiədə rəqabəti artıraraq. Bir transfer düşünürük, iki olsa, daha yaxşı olar.

– Heyətdəki dəyişikliklər nə ilə bağlı idi? 

– Bizdə az oynayan oyunçu yoxdur. Murad Musayev inandığımız, güvəndiyimiz oyunçudur. Futboldan kənar bəzi şeylər var idi ağlında. Ona güvənirik.

– Komandada bəzi oyunçuların adları digər klublarla hallanır. Heyəti qoruya biləcəksiz?

– Ötənilki komandada bu sıxıntını yaşadıq. İndi çox oyunçunun müqaviləsi 2 illikdir. Hansısa futbolçuya yaxşı təklif olarsa, dəyərləndirməyə hazırıq.

– Millinin baş məşqçi postuna namizədlər sırasında siz də varsız. Nə düşünürsüz?

– Mənim burada olmağımın səbəbi var. Bu klubun yetirməsiyəm. Məşqçiliyə də buradan başlamışam. İndi daha çox “Qəbələ”ni bu vəziyyətdən çıxarmaq istəyirəm. Gələcəkdə necə olacağını görəcəyik.