Yola gəlib, əməliyyat olunub
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Fransada əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, almaniyalı futbolçu bel nahiyəsində yaranan problemin bu yolla həll edilməsinə nəhayət razılıq verib. Əməliyyat mürəkkəb olmadığından qolkiper yaxın vaxtlarda bərpa prosesinə başlaya biləcək.
Ter Ştegenin “Barselona”nın bu əməliyyatın təfərrüatlarını yaymasına qarşı çıxdığı, səhhəti ilə bağlı detalların məxfiliyini qorumağa çalışdığı vurğulanır. Hazırda futbolçunun reabilitasiya müddəti ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, futbolçu güclü ağrılara rəğmən əməliyyat olunmaqdan imtina edirdi. Buna görə Ter Ştegenin zədəsi xroniki ola bilərdi. Həkimlərin xəbərdarlığından sonra onu əməliyyata razı salmaq mümkün olub.
Xatırladaq ki, noyabrda Almaniya millisində olarkən qapıçının bel nahiyəsində şiddətli ağrılar başlayıb. Bu səbəbdən o, “Barselona”nın son matçlarını buraxıb.
