Portuqaliyalı haker, “Football Leaks” saytının yaradıcısı Rui Pinto Paris məhkəməsi tərəfindən 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Aut.az xəbər verir ki, buna səbəb PSJ-nin sənədlərini sındıraraq sızdırması olub. Bu barədə “Agence France-Presse” məlumat yayıb.
2015-2019-cu illər arasında Fransa, Portuqaliya və Macarıstanda Pinto PSJ-nin baş maliyyə direktoru, eləcə də baş menecer müavini və köməkçisinin poçt qutularına daxil olub və saxtakarlıq yolu ilə onlardan məlumat çıxarıb. Çərşənbə günü portuqaliyalı prokurorlar tərəfindən təklif edilən və nəhayət, ilkin dinləmədə magistratura məhkəməsi hakimi tərəfindən təsdiqlənən 6 aylıq şərti həbs cəzası ilə razılaşıb və həmçinin bütün Avropa məhkəmə orqanları ilə əməkdaşlıq etmək istəyini təsdiqləyib. O, mülki iddia qaldıran PSJ-yə 1 avro təzminat, həmçinin məhkəmə xərcləri üçün 4 min avro ödəməyə məcbur edilib.
Sentyabrda Lissabon məhkəməsi Pintanı futbol tarixindəki ən böyük sənəd sızması ilə bağlı 4 il şərti həbs cəzasına məhkum edib. 2015-2018-ci illər arasında Pinto 18,6 milyon sənədi internetdə yerləşdirib və mediaya ötürüb. Onlar arasında xüsusilə futbolçular Lionel Messi və Neymarın maaşları, Kriştiano Ronaldoya qarşı zorlama ittihamları və maliyyə fırıldaqları ilə bağlı məlumatlar var. Bu addımı Belçika, İngiltərə, Fransa, İspaniya və İsveçrədə cinayət araşdırmalarına səbəb oldu.
Pinto 2019-cu ilin yanvarında Budapeştdə Macarıstan polisi tərəfindən həbs edilib. Portuqaliyaya ekstradisiya edildikdən sonra o, digər işlərdə səlahiyyətlilərlə əməkdaşlığa razılıq verməzdən əvvəl 1 ilini dəmir barmaqlıqlar arxasında keçirib.
Prokurorlar Pintanı 10 ilə qədər həbs cəzası nəzərdə tutan 89 hakerlik və qəsb cəhdində ittiham ediblər. Lakin 2023-cü ilin avqustunda Roma Papası Fransiskin Portuqaliyaya səfəri münasibəti ilə təsdiq edilmiş amnistiya qanununa görə Pinto 79 maddə üzrə cəzadan azad olub və bir ittihamda isə bəraət qazanıb. Nəticədə, Lissabon məhkəməsi hakeri sənədlərə qeyri-qanuni daxil olmaqda 5 faktda, yazışmaların sirrini pozmaqda 3 faktda, həmçinin Pintonun 500 mindən 1 milyona qədər pul tələb etdiyi “Doyen Sports” investisiya fonduna qarşı qəsb cəhdində təqsirli bilib.