Dünya futbolu

Benzema onun “torba”sını tikib?

Nuno Espirito Santo Kərim Benzema ilə münaqişədən sonra “Əl-İttihad”dan qovulub.

Aut.az xəbər verir ki, bu barədə “Əl Riyadiah” nəşri məlumat yayıb.

Asiya Çempionlar Liqası matçında fasilə zamanı Nuno hücumçunu tənbəllikdə ittiham edərək onunla mübahisə edib. “Sən əla oyunçusan, amma deyəsən rəqibinə təzyiq göstərmək üçün çox tənbəlsən”, – deyə portuqaliyalı mütəxəssis Benzemaya bildirib. Fransız futbolçu isə baş məşqçiyə “Tək mənimlə deyil, bütün komanda ilə danışın”, – deyə cavab verib.

Espiritonun “Sən komandanın liderisən, oyunçular üçün nümunəsən və ən vacib idmançısan. Sən təşəbbüs göstərməli və nümunə olmalısan” sözlərindən sonra mübahisə bitsə də, Kərim məşqçisindən kinli qalıb və ondan rəhbərliyə şikayət edib.

Nuno isə açıqlamasında Benzema ilə münasibətlərin gərginləşməsi ilə bağlı şayiələri təkzib edib.

Xatırladaq ki, “Əl-İttihad” çərşənbə axşamı Asiya Çempionlar Liqasında İraqın “Əl-Quva” klubundan məğlubiyyətdən (0:2) sonra portuqaliyalı mütəxəssisin gedişini açıqlayıb . Bundan əlavə, “Əl İttihad” Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 5 matçdır qələbə qazana bilmir və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Aut.az