Putini təhqir etdilər, UEFA cərimələdi
Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) Litva Futbol Federasiyasını (LFF) azarkeşlərin Vladimir Putinə qarşı təhqiramiz şüarlar səsləndirməsinə görə cərimələyib.
Aut.az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsinin Litva – Serbiya matçında litvalı azarkeşlər Rusiya prezidentini təhqir ediblər. Oyun sentyabrın 10-da Kaunasda baş tutub və 3:1 hesabı ilə serblərin qələbəsi ilə yekunlaşıb.
Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçyus bildirib ki, LFF əvvəllər bu cür şüarlara görə cərimə olunmayıb, lakin bu dəfə matçda nümayəndə Qazaxıstan təmsilçisi olub. LFF izahat almaq üçün UEFA-ya müraciət edib.
“Vəziyyət elədir ki, 30 gün ərzində UEFA ilə əlaqə saxlayıb aydınlıq əldə etmək imkanımız var. Biz bu proseduru etdik, lakin məncə, bu cərimənin ləğv edilməsi və ya yüngülləşdirilməsi şansı çox deyil.
İlk dəfədir ki, belə şüara görə cərimələnirik. Biz əvvəllər başqa şüarlara görə, matçlarda bannerlərdən və müəyyən simvollardan istifadə etdiyimizə görə cərimələnmişik, lakin ilk dəfədir ki, bu ifadəyə görə cərimələnirik.
Bu şüar əvvəlki matçda səslənsə də, orada İspaniyadan bir nümayəndə var idi və o, bunu yazmayıb. Serbiya ilə oyunda Qazaxıstandan bir nümayəndə var idi və o, bunu lentə aldı”, – LRT Stankeviçyusdan sitat gətirib.
UEFA-dan TASS-a verilən məlumata görə , LFF “təxribatçı və təhqiramiz ifadə”yə görə cərimələnib.
Aut.az
