Dünən “Porto”nun prezidenti ona nə deyib?
“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo idman karyerası ilə bağlı planlarından danışıb.
“Dünən biz “Porto”nun prezidenti Pinto da Kosta ilə danışdıq və o, mənə 1000 qol vurmağı təklif etdi. Amma 1000-ə çatmamış 900-ə çatmaq istəyirəm. 900 hədəfinə arxayınam, amma 1000 üçün birdən çox maneəni dəf etməliyəm.
Həyatımda şəxsi və peşəkarlıqla bağlı bəzi hadisələr olub ki, məni qısamüddətli planlar qurmağa məcbur edir. Bədənim yükə yaxşı cavab verir, həm klubda, həm də milli komandada oynamaqdan xoşbəxtəm, qol vururam”, – Ronaldonun sözlərini “Record” sitat gətirib.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçu klub karyerası ərzində bütün turnirlərdə 979 oyun keçirib, 726 qol vurub və 231 məhsuldar ötürmə edib. Portuqaliya millisinin heyətində Ronaldo 202 dəfə meydana daxil olub, 125 qol vurub və 44 məhsuldar ötürmə edib.
Aut.az
