Gəncə stadionu sökülür, “Kəpəz” harada oynayacaq? – PFL-dən açıqlama
“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun söküləcəyi və yerində yenisinin inşa ediləcəyi barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, hər kəsi maraqlandıran sual Premyer Liqanın autsayderinin bundan sonra harada oynayacağıdır. Klubdan verilən məlumata görə, komanda növbəti ev oyunlarını müvəqqəti olaraq Gəncə ilə qonşu olan Tovuzda keçirə bilər. Klub məsafə və komandanın rahatlığı baxımından bu varianta üstünlük verir.
Başqa bir variant isə elə Gəncə şəhər stadionudur. söküntü və tikinti işləri zamanı təhlükəsizlik qaydaları nəzərə alınmaqla komanda rəqiblərini doğma meydanda qəbul edə bilər. Ancaq bu, elə də real deyil.
Məsələ bağlı Premyer Liqanın təşkilatçısı Peşəkar Futbol Liqasının da mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Sənan Abdullayev Aut.az-a açıqlamasında bunları dedi:
“Təbii ki, dəyişiklik olacağı gözləniləndir. Amma hal-hazırda “Kəpəz” futbol klubunun ev oyunlarını Gəncə şəhər stadionundan başqa hansısa stadionda keçirəcəyi ilə bağlı rəsmi heç bir məlumat yoxdur. Əgər bununla əlaqədar “Kəpəz” klubundan Peşəkar Futbol Liqasına rəsmi müraciət daxil olarsa, bir sıra nüanslar nəzərə alınacaq. Məsələn, komanda matçlarını Tovuz şəhər stadionunda keçirəcəyi təqdirdə “Turan Tovuz”la ev oyunlarının üst-üstə düşməməsi, eyni zamanda, klubların heç birinin ardıcıl 2 dəfədən artıq öz meydanında və ya səfərdə oynamaması, əvəzedici komandaların oyunlarının tarixləri və başlama saatları kimi məsələləri qeyd edə bilərik”.
Aut.az
