Azərbaycan futbolu

Qurban Qurbanov: “Belə hallara hazır olmalıyıq”

Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. “Qəbələ”yə uğurlar arzu edirəm.

– Kevin Medinanın qırmızı vərəqə aldığı epizodla bağlı fikirləriniz nədir?
– Deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci zərbəni rəqib vurdu. Kevin də özünü saxlaya bilmədi və qarşılıq verdi.

– Karyeranızda ilk dəfədir qırmızı vərəqə alırsız…
– Yox, ikincidir. “İnter”lə oyunda qırmızı vərəqə görmüşdüm. Onda da oyunçumuzu vurmuşdular.

– İlk sarı vərəqəni nəyə görə gördünüz?
– Qarışıqlıq vaxtı oyunçuları sakitləşdirməyə çalışırdım. Lakin kənardan mənim oyunçuma müdaxilə oldu. Mən də emosiyalarımı saxlaya bilmədim.

– Oyundan sonra hakimlə nə danışırdınız?
– Hakimlə söhbətimiz pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim. Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci “sarı” verdirdi. Düşünürəm ki, dördüncü hakimlər oyuna çox müdaxilə edirlər.

– Andrey Lunyovun oyununu necə dəyərləndirirsiz?
– Bu gün çox yaxşı oyun göstərdi. İnanıram ki, bundan da yaxşı olmalıdır. Çempionat gərgin gedir, bəzən düşünmədiyiniz hallar yaşanır. Bu gün azlıqda qalacağımızı düşünməzdim. Belə hallara hazır olmalıyıq.

– İlk 10 dəqiqədə vurulan qollardan sonra komandanın oyunu dəyişdi. Futbolçularda arxayınlıq yarandı?
– Ola bilər. Amma inanmıram ki, ciddi arxayınlıq olsun. Kənardan biz də müdaxilə edirdik. Rəqib itiriləcək bir şeyi olmayanda riskə gedir. Bu riskə hazır olmaq lazımdır.

– Medinanı hansısa cəza gözləyir?
– Hamısı bu cür davranışlara görə cəzalarını alırlar. Futbolçuları da başa düşmək lazımdır. Onların da xarakteri var, amma bu cür qırmızı vərəqəyə görə cəzalanırlar.

– Nəriman Axundzadənin çıxışını necə dəyərləndirirsiz? Bundan sonra yenə heyətdə olacaq?
– Az oynamayıb. Bundan sonra da ona güvənəcəyik. Öz üzərində çox işləməldiir. Potensialı böyükdür, amma futbol haqda daha çox düşünməlidir.

– Nərimanın U-21 millisinə dəvət olunmaması ilə bağlı mediada belə iddialar var ki, futbolçu “Qalatasarya”la matç zamanı milliyə getmək istəməyib. Bundan sonra da baş məşqçi Samir Əliyev ona dəvət göndərmir. Bu haqda sizin fikirləriniz necədir?
– Deyə bilmərəm niyə çağırılmır. Səhv etmirəmsə, “Qalatasaray”la oyundan əvvəl futbolçularımınızın az olması ilə bağlı Samir Əliyevlə danışığımız olmuşdu. Bizə belə fikirlər çatıb ki, məsuliyyətsizliyi var. Amma dəqiq bilmirəm.