“Qarabağ”la “Neftçi” arasında toqquşma: hər ikisi istəyir ki…
Ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan ikisi ev oyunlarını keçirdiyi stadionu dəyişəcək.
Aut.az-ın əldə etdiyi məlumata görə, söhbət “Qarabağ” və “Neftçi” klublarından gedir.
Ağdam təmsilçisi avrokuboklardakı növbəti oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə hazırlaşır. “Rakuv” səddini aşmasa belə, ən azı 2 mərhələdə mübarizədə aparacaq Ağdam təmsilçisi növbəti görüşlərini sözügedən arenada keçirməyi planlaşdırır.
“Neftçi” də eyni planı qurub. “Ağ-qaralar” avrokubok matçlarına keçmiş stadionunda çıxmaq istəyir. Komandanın Konfrans Liqasındakı potensial rəqibinin “Beşiktaş” olması paytaxt təmsilçisinin 8-ci km qəsəbə stadionunu daha çox tutumlu arenaya dəyişməyə vadar edir.
Bu baş verəcəyi halda komandaların oyunları üs-üstə düşməyəcək. Çünki püşkə əsasən “Neftçi” mərhələ adlayacağı təqdirdə ilk oyununu səfərdə keçirəcək. “Qarabağ” istənilən vəziyyətdə növbəti matçınını evdə keçriəcək.
Maraqlıdır, hər iki komanda oyunlarını Respublika stadionunda keçirsə, təmirdən yeni çıxacaq arenanın ot örtüyü bu yükə tab gətirəcək?
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində bu gün ilk oyunda məğlub olduğu (2:3) “Rakuv”la qarşılaşacaq. Çempionumuz məğlub olacağı təqdirdə Avropa Liqasının 3-cü təsnifat mərhələsind mübarizə aparacaq.
“Neftçi” isə sabah ilk matçda heç-heçə etdiyi “Jelezniçar”la üz-üzə gələcək.
