2022-ci ilin dekabrında “Qarabağ”ın düşərgəsində olan polşalı məşqçi Dariuş Marzeç Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv” (Polşa) ilə “Qarabağ” arasında keçirilən oyundan danışıb.
Aut.az xəbər verir ki, Polşa mətbuatına açıqlama verən mütəxəssis ötən il “atlılar”ın düşərgəsini seçməsinin səbəbini deyib:
“Qərbdə təcrübə keçməyin populyar olduğunu bilirəm. Fransa və Almaniyaya şəxsən özüm getmişəm. Ancaq Şərqdə xüsusi nailiyyətlər əldə etmiş bir kluba getməyə qərar verdim. Baş məşqçi Qurban Qurbanov 15 ildir orada işləyir və 6 ildir heyətlərində ciddi dəyişiklik yoxdur. Qurbanov etibarlı insanlarla işləyir. Əlbəttə, heyət dəyişir, amma hər şey planlı şəkildə olur. Heyətlərində bərabərsəviyyəli oyunçular var. Nədən danışdığımı bilirəm, çünki bir həftə məşqlərini izlədim. Qurbanovun konkret planları var və iki sistemdə oynayır. O, öz üslubunu komandaya aşılayıb və hər il yaxşı nəticələr əldə edirlər”.
Dariuş komandalar arasında Bakıda keçiriləcək cavab görüşündən gözləntilərini də bölüşüb:
“İlk oyunda 3:2 hesablı qələbə yaxşıdır, amma cavab oyunu daha həyəcanlı keçəcək. Bir il əvvəl “Lex” 1:0 hesablı qələbə qazandı, amma cavab görüşündə 1:5 hesabıyla uduzdular. “Rakuv”u Bakıda həyəcanlı axşam gözləyir”.
“Qarabağ” ilk matçda səfərdə “Rakuv”a uduzub – 2:3. Komandalar arasındakı cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.